Facebook

az

ru
Geri

Skayslar

Skayslar dişin mina qatına bərkidilib, sizin gülüşünüzə xüsusi parlaqlıq və cazibə qatan kiçik bəzə əşyalarıdır. Skayslar həm də dişlərin kosmetik qüsurlarının, məsələn, kiçik ləkə və ya çatların gizlədilməsi məqsədilə tətbiq olunur.   

Skayslar müxtəlif növ və formalarda olur. Buraya kiçik ulduzları, hərfləri, kiçik zodiak işarələrini və başqa işarələri aid etmək olar. Ən geniş yayılmış skays novləri dəyirmi formalı qiymətli daşlardan hazırlanır. Bu, daşların cilalanmış səthinə günəş işığı düşərkən, parıltılı təbəssüm effektinin yaranmasına imkan verir.

Dişin mina qatının qiymətli daşlarla bəzədilməsi qədim zamanlardan məlum olsa da, əvvəllər belə bəzək növləri bugünkü qədər geniş yayılmamışdı. Çünki ağıza yerləşdirilən brilyantlar adi bəzək əşyalarının üzərində malik olduğu parlaqlığı vermirdi, həm də onların dişə bərkidilməsi üçün dişin deşilməsi lazı gəlirdi.

Müasir dövrdə skays dəbinin banisi əfsanəvi müğənni Madonna hesab olunur. Onun öz pərəstişkarlarını bərq vuran təbəssümü ilə heyran etməsindən sonra, dişlərin skayslarla bəzədilməsi getdikcə daha çox yayılmağa başladı.

Hazırda skayslar həm çox bahalı materiallar olan brilliant, yaqut, sapfir və qızıldan, həm də daha ucuz svarovski, dağ bülluru, eləcə də adi şüşə kimi materiallardan hazırlanır. Skaysların ölçüsü 1.5-4 mm aralığında dəyişir. Hətta ən adi şüşə belə, xüsusi parıltı verən cilası sayəsində, parıldayaraq, yüzlərlə parlaq şüanı əks etdirə bilir.

Skayslar diş səthinə xüsusi yapışqan vasitəsilə bərkidilir. Ancaq qiymətli daşların daha diqqətlə bərkidilməsi zəruri olduğu üçün, onları bərkidərkən, dişin mina qatı müəyyən qədər yonulur. Skays bərkidildikdən sonra, istifadə olunan yapışqana xüsusi ion lampası vasitəsilə şüa verilir və yapışqan möhkəmlik qazanır. Səthi ftorla zənginləşdirilən bəzi skayslar karies profilaktikasında yardımçı rol oynayır.

Skays taxıldıqdan sonra, ağız boşluğuna qulluq şərtləri adi vəziyyətdən heç də fərqlənmir, çünki skays dişə uzun müddətə deyil, yalnız 6 ay – 1 il kimi qısa müddətə bərkidilir. Dişlərin diş fırçası və məcunu ilə təmizlənməsi sözügedən bəzək əşyasının tutqunlaşmasının və ərp bağlamasının qarşısını alır.

Bir çoxları skaysın ağızda maneə törətməsi və dodaqların daxili divarını qıcıqlandırması ehtimalı ilə bağlı suallar verirlər. Əminlikdə demək olar ki, skaysın səthi praktiki olaraq hamar olduğu üçün, ağızda artıqlıq hissi skays bərkidildikdən cəmi 1-2 saat sonra yox olur.