Facebook

az

ru
Geri

Dolqu

Stomatoloji dolqu karies və ya başqa zədələr nəticəsində yaranmış diş boşluğuna tətbiq edilən, bərkimə xüsusiyyətinə malik yumşaq maddədir. Dolqunun əsas funksiyası dişi gələcək zədələnmələrdən qorumaqdır. Dolquların seçilməsində istifadə olunan meyar onların möhkəmliyi, uzun ömürlülüyü, dişlər və ümumilikdə orqanizm üçün təhlükəsizliyi, məsaməli olması, estetik xüsusiyyətləri və əlbəttə, qiymətidir.

Vaxt xüsusiyyətlərinə görə, dolquları müvəqqəti və daimi olaraq, iki yerə bölmək olar. Müvəqqəti dolqunu həkim o zaman qoyur ki, bir müddət sonra onu çıxarıb, daimi dolqu, yaxud qapaqla əvəz etmək niyyətindədir. Müvəqqəti dolqunun altında dişi başqa dişlərdən ayrıca qaydada, bir neçə gün ərzində müalicə edən maddə ola bilər. Daimi dolquları həkim pasientin dişini uzun illər qoruması üçün qoyur. Dolqunun nə qədər müddətə qalacağı həm onun özünün keyfiyyətindən, hazırlandığı materialdan, həm də stomatoloqun işinin keyfiyyətindən – dolqunun diş boşluğunun relyefinə necə oturduğundan asılıdır.

Tərkibinə görə, dolqular metal, plastmas, sement, keramik və kompozit (fotopolimer) ola bilər.

Sovet dövründə ən çox yayılmış dolqu növü metal dolqu idi. Metal dolqular uzunömürlü olur, illərlə dağılmırdı. Onların ən böyük çatışmazlığı orqanizmə müəyyən zərərlər verməsi və dərhal gözə çarpan metal rəngi idi. Məsələ ondadır ki, metal dolquların hazırlanmasında istifadə edilən əsas maddə olan xəlitənin 50%-i civədən ibarətdir, civə isə, həm zəhərli xüsusiyyətlərə malikdir, həm allergiya törədə bilir, həm də genişlənib diş divarlarını dağıda bilir.

Ona görə də hazırda xəlitə dolqular, praktiki olaraq, istifadə edilmir.

Plastik və sement dolquların da öz müsbət və mənfi xüsusiyyətləri var. Plastik dolqular mina qatına yaxşı oturur, ancaq bir sıra çatışmayan cəhətləri ilə yanaşı, həddən artıq yumşaq olduğu üçün, tez yeyilir, öz formasını dəyişir və ya düşür. Sement dolqular isə, əksinə, yüksək möhkəmliyə malikdir, hətta dişin özündən belə möhkəmdir. Ancaq bu xüsusiyyət həm də sözügedən dolqu növünün çatışmazlığıdır. Belə ki, çeynəmə zamanı belə dolqu diş toxumasına həddən artıq təzyiqin düşməsinə səbəb olduğu üçün, dişin zəifləyərək dağılmasına gətirib çıxara bilər.

Hazırda ən yaxşı dolqu növləri keramikadan, eləcə də fotopolimer əsaslı kompozitdən hazırlanmış dolqular hesab olunur. Yüksək qiymətinə baxmayaraq, belə dolqular həm dişin özü qədər möhkəm, həm də elə onun qədər əyilgən olur, uzunömürlülüyü ilə seçilir və keyfiyyətli görünüşü ilə dişin özündən fərqlənmir. Stomatologiya sahəsində ən yeni dolqu növləri şüşə-ionomer və kompomer dolqulardır. Bu yeni dolqular polimerlərin ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirir və ağız boşluğunun fizioloji patametrlərinə yaxınlığı ilə fərqlənir