Facebook

az

ru
Geri

Dişlərin rəngi

Stomatologiyada diş rənglərinin, eləcə də diş parlaqlığı və mina qatının şəffaflığının dərəcələrə görə fərqləndirilməsi qəbul olunmuşdur. Diş rəngini, əsasən, mina qatının rənginin müəyyən etməsinə baxmayaraq, ona dentin və diş özəyi kimi diş hissələri də təsir edir. Mina qatı və dentinin tərkibinə daxil olan əsas kimyəvi elemenlər – kalsium və fosfor kimi qeyri-üzvi maddələr dişə ağlıq verir. Dişin tərkibində maqnezium, ftor, dəmir, sink və başqa mikroelementlər də olur. Mina qatı insan oqranizmində ən bərk toxuma olduğu və bircinsli kristal quruluşuna malik olduğu üçün, möhkəmlik və parlaqlıq kimi xüsusiyyətləri ilə fərqlənir. Mina qatının rəngi, əsasən, şəffaf, bəzən isə, sarımtıl və ya göyümtül çalara malik olur.

Dişlərin normal rənglərinə ağ, sarı, sarımtıl-ağ və bozumul-mavi rənglər daxildir. Ancaq öz xarici görünüşünə xüsusi fikir verən insanlar dişlərinin rənginin mümkün qədər aydın, işıqlı olmasını arzu edirlər. Stomatoloqlar öz praktikalarında mina qatının dörd çalarını fərqləndirirlər: A – qonur (qırmızı), B – sarı, C – boz və D – boz-qonur. Burada dişin 5 baladək qiymətləndirilən parlaqlıq dərəcəsi və çalarının intensivliyi də rol oynayır (dörd ballıq).

Artıq deyildiyi kimi, dişin kompleks rəngi onu təşkil edən bütün elementlərin rənglərini özündə birləşdirir. Dişin daxilində qan damarlarının keçdiyi diş özəyi olur. Bu, dişə qırmızımtıl-qonur rəng verir. Diş özəyinin üzərini, demək olar ki, qeyri-şəffaf rəngə malik dentin qatı örtür. Bu qat, müxtəlif mineral maddələrlə zənginlik dərəcəsindən asılı olaraq, sarı, boz, yaxud ağ çalara malik ola bilər. Ona görə də dişin mina qatının nazik olduğu hissələrinin, məsələn, köklərin çaları dəyişərək, bir qədər tutqunlaşır. Nəhayət, ən üst qat olan, dişi xarici təsirlərdən qoruyan mina qatı yaşdan asılı olaraq, öz şəffaflıq dərəcəsini, eləcə də rəngini dəyişə bilir. Bu dəyişikliklər, heç şübhəsiz ki, dişin ümumi rənginə də təsir edir.

Dişlərin rəngi onların yerləşməsindən də asılı ola bilər. Bir çox hallarda, kəsici dişlər köpək dişləri ilə müqayisədə daha açıq çalara malik olur, çünki kəsici dişlərin kənarları bir mina qatından ibarət olur, bu mina qatı isə, daha şəffaf və bir qədər maviyə çalan çalara malik olur.

Bir çox həkimlər dişlərin rənginə əsasən insanın daxili xəstəliklərini müəyyən edə bilirlər. Dişlərin sarı çalara malik olması insanın təkcə siqaret çəkdiyini və ya çox qəhvə içdiyini deyil, həm də öd kisəsinin pozğunluğundan əziyyət çəkdiyini göstərir. Süd-bəyaz rəngli dişlər qalxanabənzər vəzinin hiperfunksiyasının əlaməti ola, qonur çalarlı dişlər isə, immunitetin zəifliyindən xəbər verə bilər. Dişin mina qatının rənginə bir çox antibiotiklər də təsir edə bilər.