Facebook

az

ru
Geri

Dişlərin yumulu ağızda vəziyyəti

Dişlərin yumulu ağızda vəziyyətinin bir neçə növü var. Ancaq rahatlıq üçün, sözügedən vəziyyəti, əsasən, iki növə bölürlər: fizioloji (normal) və patoloji. Dişlərin yumulu ağızda vəziyyətinin diaqnostikası ona görə vacibdir ki, dişlərin düzgün olmayan duruşu insan sağlamlığına ziyan vura bilər.

Dişlərin fizioloji duruşu dedikdə, elə bir duruş nəzərdə tutulur ki, üst dişlər alt dişləri bir qədər örtür, diş sıraları arasında aralar olmur və çənələrdən hər birindəki ayrıca diş digər çənədəki iki dişlər eyni anda təmasda olur. Bu zaman çeynəmə və nitq funksiyaları normal olmalıdır. Təsvir edilən variantdan başqa, dişlərin normal duruşunun başqa yarımnövləri də vardır – aşağı çənə azacıq irəli çıxmış olur, yaxud çənənin bağlı vəziyyətində üst və alt kəsici dişlər eyni xətt üzrə düzülmüş olur. Dişlərin düzgün duruşu çeynəmə zamanı bütün dişlərə təzyiqin bərabər paylanmasını təmin edir. Bu isə, dişlərin vaxtından əvvəl yeyilməsinin qarşısını alan ən yaxşı profilaktika olmaqla yanaşı, həm də dişlər özlərini təmizlədiyi üçün, onların daha uzun müddətə ağ qalmasını təmin edir.

Dişlərin patoloji duruşu dedikdə, çənənin yumulu vəziyyətində diş sırasının bəzi hissələrində dişlərin normal qapanmaması  nəzərdə tutulur. Dişlərin qeyri-normal duruşu ağız boşluğunun işini çətinləşdirir, nəticədə, orqanizm üçün vacib əhəmiyyət daşıyan tənəffüs, udma, çeynəmə kimi funksiyalara maneə törədir. Bu isə, öz növbəsində, sözügedən funksiyalarla bağı sistemlər üçün fəsadların törənməsinə gətirib çıxarır. Belə hallar müxtəlif qulaq-burun-boğaz xəstəliklərinə, həzm yolu pozuntularına, miqren və başqa sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan başqa, dişlərin normal duruşunun olmaması nəticəsində insanın mimikası dəyişə, üz cizgilərinin proporsiyası pozuntuya uğraya, nitqdə çatışmazlıqlar yarana bilər. Bütün bunlar dişlərin patoloji duruşunun mümkün qədər erkən yaşda düzəldilməsinin nə qədər əhəmiyyətli olduğunu göstərir.

Dişləri qeyri-düzgün duruşunun əsas səbəbi genetik amillər, gənziyin (burun-udlağın) xronik xəstəlikləri, eləcə də adenoidlər, zökəm və ziyanlı uşaqlıq vərdişləri ola bilər. Birinci amilə heç cür təsir edə bilməsək də, gənzik xəstəliklərinin vaxtında müalicə olunmasına ciddi yanaşmaq lazımdır. Ağızla uzun müddətli tənəffüs kəllə sümüklərinin düzgün inkişafına mane olur, bunun nəticəsində “adenoid” adlanan üz tipi meydana çıxır. Zərərli uşaqlıq vərdişləri dedikdə, uşağın əmzik əmməsi, yaxud barmaq, dil və ya əlinə keçən hər hansı əşyanı sorması nəzərdə tutulur. Körpələri belə ziyanlı vərdişlərdən mümkün qədər tez, yaxşı olar ki, dişlər çıxarkən çəkindirmək lazımdır, çünki uşağın daim ağzında saxladığı əşyanın ölçüsünə uyğun olaraq, dişlər zamanla hərəkət edərək yerini dəyişir.

Stomatoloji klinikada dişlərin qeyri-düzgün vəziyyərinin düzəldilməsi ilə həkim-ortodont məşğul olur. Müasir breket-sistemlər diş sırasının çatışmazlıqlarını aradan qaldırmağa, dişlərin əsas funksiyalarını bərpa etməyə və onların gözəl görünüşə qovuşmasına imkan verir.