Facebook

az

ru
Geri

Ağartma – müsbət və mənfi tərəfləri

Acı da olsa, həqiqətdir ki, ağartma proseduru nadir hallarda dişlərə ideal ağ rəng bəxş edir. Burada nəticə, bir çox hallarda, mina qatının, yaxud dentinin xilas olmaq istədiyimiz rənginin dəyişməsinin fərdi xarakter xüsusiyyətlərindən asılı olur. Əgər insanın dişlərinin təbii rəngi bozdursa, onda ağartmadan sonra onlar sarımtıl çalara malik olacaq. Elə sarı dişlər də qar kimi ağ ola bilməz. Ağartma proseduru, əsas etibarilə, yalnız mina qatının üst hissəsinə təsir edir. Ona görə də dünyada heç bir mütəxəssis təbii rəngi ağdan fərqli olan mina qatını qar kimi ağ edə bilməz (xüsusilə, bircə prosedurdan sonra).

Bəs dişlərin ağardılması prosedurundan sonra hansı gözlənilməz nəticələrlə üzləşə bilərik? Rəng çalarından və quruluşundan asılı olaraq, dişlərin bir hissəsi tam ağara, qalan hissəsinin rəngi isə qismən açıla bilər. Ağartma əməliyyatına hazırlıq məqsədilə pasientlərə verilən kitabçalarda əksər hallarda dişlərin kökünə doğru daha tünd rəngə malik olduğu barədə xəbərdarlıq edilir. Bundan başqa, mina qatının üzərində ağ, məsaməli ləkələrin yarana biləcəyi, ancaq bu ləkələrin müvəqqəti olduğu da yazılır. Ağartma əməliyyatı qeyri-bərabər keçdikdə, çox məyus olmayın. Bir neçə gündən sonra effekt az gözə çarpacaq və görünürdə dişlərin rəngi bərabərləşəcək. Dişlərin ağardılması əməliyyatı vaxtaşırı aparılmamalıdır. Bu əməliyyatın yalnız 3-4 ildən bir keçirilməsi qəbul olunmuş tövsiyədir. Bəzi hallarda hər hansı effektin alınması üçün prosedurlar seriyası belə kifayət etmir. Bəzən isə, sadəcə bir kurs istənilən effektin əldə olunması üçün yetərli olur. Burada hər şey konkret şəraitdən və fərdlərin dişlərinin vəziyyətindən asılıdır. Unutmayın ki, dişləri yalnız peşəkarlara etibar etmək olar, ona görə ki, yalnız mütəxəssis sizə hollivud ulduzlarının gülüşünü bəxş edə bilər.