Bəs diş kariesi nədir? Karies diş toxuması minerallarının boşluq (zədə) yaranacaq dərəcədə parçalandığı diş səthidir. Diş kariesinin yaranma səbəblərini daha ətraflı nəzərdən keçirək.
Hər şeydən əvvəl, izah edək ki, diş yüksək kalsium tərkibinə malik bərk cisimdir. Bu bərk cisim yumşaq sinir toxumalarını xarici təsirlərdən qoruyur. Dişin xarici səthi yüksək mineral tərkibinə malik toxumalardan ibarət olur. Elə karies də burada başlayır. Diş səthi mina və dentindən ibarətdir.
Dişin böyük hissəsi mina qatı ilə – insan bədənində mövcud ola maddələr arasında ən bərk maddə ilə örtülüdür. Bu maddənin 95%-i yüksək kalsium tərkibinə malik hidroksiapatitdən ibarətdir. Mina qatı dişin yalnız damaq səviyyəsindən yuxarıda olan hissəsini örtür, dişin qalan hissəsi – köklər və mina qatının altındakı hissə isə dentindən ibarətdir. Dentinin tərkibində hidroksiapatit miqdarı o qədər də çox olmadığı üçün, o, mina qatından daha yumşaqdır.
Kariesin yaranma prosesi demineralizasiya adlanır və diş ərpində yaşayan xüsusi bakteriya növlərinin ifraz etdiyi turşuların təsiri ilə başlayır. Bu bakteriyalar bizim yediyimiz qidalar, xüsusilə, şəkərli qidalar – süd, meyvələr, tərəvəzlər, şirələr və şirniyyatla qidalanır. Ona görə də şəkər miqdarı yüksək qidalardan nə qədər az istifadə etsəniz, ağız boşluğunuzda o qədər az şəkər qalığı olar və nəticədə, bakteriyaların ifraz etdiyi turşunun miqdarı azalar. Bunun üçün, şəkər əvəzləyicilərindən istifadə etmək, şəkər miqdarı yüksək qidaların qəbulundan sonra dişləri təmizləmək, şirniyyat məhsullarını ağız boşluğunda çox saxlamamaq lazımdır. Diş sapından tez-tez istifadə edin və vaxtaşırı stomatoloqa müraciət edin, onda karies sizin üçün qorxulu olmaz.