Görünüşünə görə, stomatoloji irriqator, bu gün bir çoxlarının istifadə etdiyi elektrik diş fırçalarını xatırladır. Əsas fərq ondadır ki, irriqatorda tüklər əvəzinə xüsusi ucluq var. Alətin iş prinsipi hidromasaja əsaslanır. Belə ki, irriqatora quraşdırılmış kompressor təzyiq yaradır və yaradılan təzyiq nəticəsində su basıncı ucluğa yönəlir. Ağız boşluğunda çətin əlçatan yerlərin təmizlənməsi su şırnağı vasitəsilə həyata keçirilir. Bu sayədə qida qalıqları asanlıqla kənarlaşdırılır, dil və dişlərdəki çirk, ərp və ləkələr təmizlənir. Zəruri hallarda, prosedurun effektivliyinin yüksəldilməsi üçün, suya xüsusi komponentlər, məsələn, müalicəvi balzam və ya antiseptik maye əlavə edilə bilər. Bu əlavələr iltihabları aradan qaldırır. Qeyd etmək yerinə düşər ki, irriqator diş fırçasını əvəzləmir. Belə ki, diş fırçası səhər və axşam müntəzəm olaraq istifadə edilməlidir, irriqator isə, ağız boşluğunda qismən çıxarıla bilən, yaxud çıxarılmayan protezlər, implantantlar, eləcə də lüminir və vinirlər olduğu təqdirdə tövsiyə olunur. Əgər sizin dişlərinizə dişlərinizin vəziyyətini düzəltmək üçün breket-sistem quraşdırılıbsa, onda irriqator da sizin müalicə prosesində istifadə edilməlidir.
Məsələ ondadır ki, ortodontik və ortopedik konstruksiyalar gigiyenik prosedurları çətinləşdirir, onların effektivliyini xeyli aşağı salır, nəticədə, dişlərdə ərp yaranır. Bakteriyaların ən çox toplaşdığı, xüsusilə təhlükəli yerlər damaqlarla dişlərin birləşdiyi yerlərdir. Bu yerlərdə bakteriyaların toplanması diş boynunun kariesinə, müalicə olunmadıqda isə, parodontit və qinqvitə gətirib çıxara bilər. Belə problemlərin ortaya çıxmaması üçün, irriqatorun tətbiqi lazımdır. Cihazın buraxdığı su şırnağı nə adi, nə də elektrikli diş fırçasının daxil ola bilməyəcəyi yerlərdən qida qalıqlarını təmizləyir. Hazırda irriqatorların bir neçə növü mövcuddur. Məsələn, stasionar irriqatorlar ev şəraitində isitfadə üçün nəzərdə tutulur, portativ, yəni daşına bilən irriqatorları isə, yola çıxarkən, yaxud istirahətə gedərkən aparmaq da mümkündür. Xatırlamaq lazımdır ki, sözügedən alət sizi adi gigiyenik prosedurlardan – dişləri fırçalamaq, ağzı yaxalamaq, dişləri diş sapı ilə təmizləmək kimi işlərdən azad etmir. O yalnız gözəl və ağ dişli gülüşlər üçün mübarizədə sizə əlavə yardım edir