Facebook

az

ru
Geri

Breketlər

Geniş yayılmış bir ehtimala görə, insanların 90%-də diş sırası forma və xarici görünüş baxımından müxtəlif əyilmə və sapmalara malikdir. Biz bu ehtimalı sübut, yaxud inkar etmək fikrində deyilik, ancaq diş qövslərinin gözə çarpan pozuntuları zamanı peşəkar həkim–ortodontun yardımına ehtiyacın olduğu da bir faktdır.

Psixoloqlar eksperimental üsulla müəyyən etmişlər ki, insanlar simmetrik üz cizgiləri olan adamları daha yaraşıqlı hesab etməyə meyllidirlər. Bunun çənələrin qarşılıqlı uyğun yerləşməsi ilə nə əlaqəsi var? Ortodontlara görə, birbaşa əlaqəsi var. Əyri diş sırası insan üzünün simmetriyasını pozur və nə qədər xoş səslənməsə də, onu düzgün simmetriyadan məhrum edir. Estetik cəhətindən başqa, dişlərin və çənələrin patologiyası orqanizmin bir çox funksiyasına təsir edərək, başqa orqan və sistemlərin fəaliyyətinin pozulmasına da gətirib çıxara bilir.

Ona görə də, həkim-ortodontlar sözügedən problemi aradan qaldıra bilən effektiv breket-sistemlər işləyib hazırlamışlar.

Vestibulyar breketlər müasir ortodontiyada ən geniş yayılmış breketlərdir. Bu növ breketlər dişlərin xarici tərəfinə birləşdirilir və bir növ ağzın ″astanası″ rolunu oynayır. Breketin adı da elə buradan yaranmışdır. Quraşdırılan bu aparatları başqaları görsə də, bir çoxları məqbul qiymətinə və mina qatını dağıtmadığına görə, məhz belə müalicə növünü seçir.

Linqval breketlər, vestibulyar breketlərdən fərqli olaraq, dişlərin daxili tərəfinə birləşdirilir və heç bir halda görünmür. Ancaq linqval breketlərin quraşdırılması üçün yüksək ixtisaslı həkim-ortodontlar tələb olunduğundan, eləcə də müasir polimerlərdən hazırlanan bahalı şablonlar istifadə edildiyinə görə, bu növ breketlərin istifadəsi diş sırasının korreksiyasında tətbiq edilən ən bahalı metodlardan hesab olunur.

Liqatursuz və ya özübirləşən breketlər bir sıra xüsusiyyətlərə malikdir. Bu breketlər sadə breketlərdən onları diş qövslərinə bağlayan liqaturaların (rezin və ya metal pərçimlər) tətbiqi ilə fərqlənir. Belə breketlər daha kiçik ölçüdə olur, ağızda rahat qalır, eləcə də dişləri daha çox qoruyur. Başqa breket-sistemlərdən fərqli olaraq, liqatursuz breketlərin tətbiqi zamanı stomatoloqun yanına gəlmə tezliyi 2.5 ayda bir dəfədir.

Şəffaf breketlər dişlərə bərkidildikdə praktiki olaraq görünməyən materialdan hazırlanan vestibulyar breket sistemlərdir. Belə materiallara plastiklər, keramika və süni sapfirlər aiddir. Sapfir breketlər ən etibarlı, keyfiyyətli və uzunömürlü breketlər hesab olunur.