Facebook

az

ru
Geri

Anesteziya və onun növləri

Ağrı hissiyyatının azaldılmasının bir növü kimi, anesteziya insanlara hələ qədim dövrlərdə  məlum idi. Belə ki, ağrı hissiyyatını azaltmaq üçün, qədim yunanlar narkotik təsiri olan mandraqora kökündən istifadə edirdilər. Qədim Misirdə ağrıyan nayihəyə müqəddəs Nil timsahının piyini qoyur, Hindistanda çətənə və tiryək kimi məstedici vasitələrdən istifadə olunurdu. Şimal ölkələrinin istifadə etdiyi maddə isə etil spirti idi.

Bu gün tibb sahəsində edilmiş çoxsaylı kəşflər sayəsində, stomatologiya zəngin keyidicilər arsenalına malikdir və bu arsenal ona ən mürəkkəb əməliyyatları insan bədəninə zərərli təsirlər vermədən aparmağa imkan verir. Anesteziyanın üç növü vardır: lokal, ümumi və kombinə edilmiş.

Ümumi anesteziya (narkoz) xəstənin huşunu tamamilə itirdiyi anesteziya növüdür. Çoxsaylı zərərli və yan təsirləri olduğu üçün, bu növ keyitmə stomatologiya sahəsində istisna hallarda istifadə olunur.

Lokal anesteziya, bədənə iynə vasitəsilə yeridilən iynə anesteziyası və qeyri-iynə anesteziyası olmaqla, iki yerə bölünür. Qeyri-iynə anesteziyasının ən geniş yayılmış forması səthi keyitmədir (applikasiya). Belə keyitmə zamanı keyidici ya püskürtmə, ya da xüsusi tampon vasitəsilə tətbiq edilir və yalnız bir neçə millimetr dərinliyə təsir edir. Bu növ keyitmə əksər hallarda daha güclü iynə keyidicilərinin vurulması zamanı yaranan ağrını hiss edilməz etmək üçün istifadə olunur.

İynə anesteziyası stomatologiyada cərrahi müdaxilələrin böyük hissəsində tətbiq olunur. Belə anesteziya

1) infiltrasiyalı anesteziya (yalnız yumşaq toxumalar keyidildiyi zaman);
2) keçiricili anesteziya (üçlü sinirin qollarından biri keyidildiyi zaman);
3) sümükdaxili anesteziya (sümük iliyinə vurulub daha güclü keyidici təsir göstərildiyi zaman)
4) gövdə anesteziyası (üçlü sinirin qolları kəllə əsasında keyidildiyi zaman) kimi növlərə bölünür.

Adətən, çürük, yaxud laxlayan dişi dişi kənarlaşdırmaq üçün, səthi anesteziya kifayət edir. Dişlərin, diş kanallarının və diş özəklərinin müalicəsi üçün infiltrasiyalı keyidicilərdən istifadə olunur. Sümük üstlüyü üzərində yerləşən və damaqlara dərininə oturmuş böyük köklü dişlərin çıxarılması zamanı, ya keçiricili, ya da sümükdaxili anesteziya tətbiq edilir. Gövdə anesteziyası isə, yalnız stasionar şəraitdə, geniş miqyaslı və mürəkkəb üz və çənə əməliyyatlarında istifadə olunur.